Rusiyalı oliqarx Mixail Fridman Ukrayna vətəndaşlığı almağı planlaşdırır. Fridman həmçinin Ukraynadakı biznesini yenidən qeydiyyatdan keçirmək istəyir.
“Unikal” xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin rəhbəri Aleksandr Novikov “ Forbes Ukraine ” jurnalına müsahibəsində bildirib.
“Mən bildiyimə görə, Mixail Fridman Ukrayna vətəndaşlığının alınması və Ukraynadakı əsas aktivlərin yenidən qeydiyyata alınması ilə bağlı Ukrayna hakimiyyəti ilə məsləhətləşmələr aparır. Belə bir ssenari Ukrayna əsilli digər iri rus iş adamları, məsələn, Droxobiçdə doğulmuş Viktor Vekselberq üçün mümkündür”, - deyə o bildirib.
Novikov hesab edir ki, Fridmanın Ukraynadakı biznesinin yenidən qeydiyyata alınması faydalıdır, çünki bu, Ukrayna büdcəsinə əlavə vergilərin daxil olmasını nəzərdə tutur.
Fridman Lvovdandır və Alfa Group-un ortaq sahibidir. Forbes onun aktivlərini 15,2 milyard dollar dəyərində qiymətləndirir.Oliqarx hazırda ABŞ, Britaniya, Aİ və Kanadanın sanksiyaları altındadır.
Xatırladaq ki, daha əvvəl rusiyalı oliqarx Fridman Ukrayna ilə müharibəyə qarşı çıxıb . Ukrayna rusiyalı oliqarx Fridmanın 12 milyard qrivendən çox əmlakına həbs qoyub.
Gültəkin Ələsgər