Bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya qüvvələri Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.
"Unikal" xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın şəhər döyüşləri taktikası artilleriyadan güclü istifadəyə əsaslanır ki, bu da bütün şəhər boyunca genişmiqyaslı ölümlərə və dağıntılara səbəb olur.
Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin elementləri yüzlərlə mülki şəxslə birlikdə Severodonetskin sənaye zonasında yerləşən “Azot” zavodunun bunkerlərinə sığınıblar.
Əlavə olunub ki, Rusiya qüvvələri “Azot” zavodunun daxilində və ətrafında qalmalı olacaqlar ki, bu da həmin bölmələrin yeni tapşırıqların icrası üçün digər yerlərə göndərilməsinin qarşısını müvəqqəti alacaq.
Məlumatda vurğulanıb ki, Rusiya ehtimal ki, işğalın orijinal planlaşdırılması zamanı bu cür güclü müqavimət və ya yavaş, aşındırıcı münaqişə gözləməyib.