Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xerson işğalçılardan azad edilməli və Krım körpüsü dağıdılmalıdır.
"Unikal" xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı publisist Andrey Piontkovski Dmitri Qordona müsahibəsində bildirib.
"Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə özü kimi əclaflar - bunkerdə olan adamlar gələcək. Amma bu əclaflar reallıqla hesablaşmaq məcburiyyətində qalacaqlar və ciddi şəkildə əməl edəcəklər. Və sonra - Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlara başlanılacaq”, - deyə o, izah edib.
Onun sözlərinə görə, Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllində və Xersonu azad etməkdə yalnız ABŞ kömək edə bilər. Bunun üçün o hesab edir ki, daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və HIMARS qurğularına ehtiyac var.
“Sabahdan enerji ilə başlasaq, bu tədarüklər hərbi əməliyyatların yay-payız dövrü üçün vaxtında həyata keçirilə bilər”, - Piontkovski əlavə edib.
Qeyd edək ki , Ukrayna Prezidenti Aparatının müşaviri Oleksiy Arestoviç hesab edir ki, hazırda Ukrayna ordusunun Krım körpüsünə hücum perspektivi yoxdur.
Gülayə Mecid