"Taxıl sazişinin həyata keçirilməsi göstərdi ki, Ukraynadakı vəziyyətin diplomatik yolla həlli mümkündür".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  

“Humanitar dəyərlərin sınaqdan keçirildiyi bu çətin günlərdə Türkiyə öz vəsaitlərini ehtiyacı olanlarla bölüşdü. Biz ilk gündən Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün intensiv işləmişik. Biz göstərdik ki, diplomatik həll Qara dənizdən keçən taxıl dəhlizi və əsirlərin mübadiləsinə dair razılaşma sayəsində mümkündür. Epidemiya ilə başlayan və enerji qiymətlərinin artması ilə davam edən böhran yeni bir ölçü əldə etməkdə davam edir”, – Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilənin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.