Bəşər Əsəd öz qəbrini necə qazır?
02:28 06-04-2012
DÜNYA
Bəşər Əsəd öz qəbrini necə qazır?
Əvvəli intellektual olanın qansız diktatora çevrilmə hekayəsi...
Bu gün suriyalı üsyançıları qan gölündə boğan Bəşər Əsəd əvvəllər nəinki heç zaman dövlət başçısı postunu tutmaq istədiyini bəyan etməyib, həm də heç siyasətlə maraqlanmayıb da. Zərif maneraları ilə seçilən mavigözlü həkim-oftalmoloq əvvəllər heç nə ilə fərqlənməyən həyat sürüb.
O, beynəlxalq elmi simpoziumlarda iştirak edib və zamanını hərbçilər və ya siyasətçilərin deyil, Suriya intellektuallarının əhatəsində keçirməyi sevirdi. Bununla belə, atasının çoxsaylı təkidlərindən sonra o, varis olmağa razılıq verdi.
Əsədin oğlu Əsəd
necə varis oldu?
Hafiz Əsədin "varis" barədə düşünməsi ilə bağlı ilk məlumatlar mətbuata 80-ci illərin ortalarında, onun növbəti infarkt keçirməsindən sonra sızmağa başladı. Amma yalnız 90-cı ildən sonra özünə əvəz axtarmağa başladı. Özü də Bəşəri yox, böyük oğlu Basseli. O, ixtisasca inşaat mühəndisi idi, kompyuterlərdən yaxşı baş çıxarırdı, idmanda (atçılıq və paraşütlə tullanma) uğur qazanmışdı. O da atasının keçdiyi yolu keçib, əvvəl orduda xidmət edib, sonra partiyada çalışıb. O, gənclərin və generalitetin hörmətini qazana bilmişdi. Suriyada Basseli sevirdilər və ona böyük ümid bəsləyirdilər. Bu səbəbdən də, onun 1994-cü ilin yanvarında avtoqəzada ölümü (bəzi şayiələrə görə, bu, qəsd idi) bütün suriyalıları sarsıtdı. Və Əsəd üç oğlu arasından yeni varis axtarmağa başladı.
Kiçik oğlu, 1979 təvəllüdlü Məcid anasının əziz-xələfi idi, onun sağlamlıqla bağlı problemləri vardı, adı narkobiznes qalmaqallarında hallanırdı, onu tez-tez yüngül əxlaqlı qızlarla görmək olurdu. Bu səbəbdən də, o, məsuliyyətli dövlət vəzifəsi postuna uyğun gəlmirdi.
Əsədin digər oğlu, 31 yaşlı Mahir övladlar arasında ən idarəolunmazı idi. Ata ümid edirdi ki, onu orduya göndərməklə islah edə biləcək. Amma Mahir öz xasiyyətini və vərdişlərini dəyişmədi. Və ata öz seçimini Bəşərin üzərində saxladı...
Ərköyün böyüdülməmişdi
Bəşər Əsəd 1965-ci ilin avqustunda doğulub. O zaman atası hərbi hava qüvvələrinin komandanı idi. Yeri gəlmişkən, sabiq prezidentin əsl soyadı əl-Bəxş idi. Bu, ərəbcədən tərcümədə vəhşi heyvan deməkdir. Buna görə də onu Əsəd (ərəbcə - şir) soyadına dəyişdi.
Bəşir Dəməşqdə ərəb-fransız liseyini bitirib. Buna görə də, fransız və ingilis dillərini səlis bilir.
Ata oğlunu ərköyün böyütməyib, liseyi bitirəndən sonra, Bəşir orduda xidmət edib. Serjant kimi tərxis olunduqdan sonra Dəməşq Uniersitetinin tibb fakültəsini həkim-oftalmoloq kimi bitirib. Sonra "Tişrin" hərbi hospitalında çalışıb.
1991-ci ildə Əsəd oğlunu İngiltərəyə, Oskford Universitetində təcrübə keçməyə göndərib. Diqqət cəlb etməmək üçün Bəşər Londonda başqa adla yaşayıb. Britaniya paytaxtında xeyli ekstremist müsəlman təşkilatı fəaliyyət göstərir, Suriyanın mərhum prezidentinin isə, təhlükəli düşmənləri az deyildi. Təbii ki, prezident oğlu Suriya səfirliyinin təhlükəsizlik xidmətinin də diqqətində idi.
Bəşərlə Londonda ünsiyyətdə olan şəxslər onu sakit, yumşaq və xeyirxah adam kimi xatırlayırlar. O, informatika ilə maraqlanırdı, internet isə, onun ən böyük aludəçiliyi idi. Təəccüblü deyil ki, geri qayıdarkən, o, Suriya Kompyuter Cəmiyyətinə rəhbərlik edib. Onun sayəsində suriyalılara mobil telefondan istifadə etməyə icazə veriblər. Amma
Bəşər təhsilini başa çatdıra bilmədi, böyük qardaşı qəzaya düşəndə atası onu evə çağırdı.
Ömrünün son günlərini yaşadığını anlayan Əsəd, Bəşəri rəsmi varis elan etdi və onu missiyasına hazırlamağa başladı.
Suriyada, xüsusən də, generallar arasında çoxunun Bəşəri ləyaqətli vəliəhd qismində qəbul etmədiklərini bilən Əsəd oğlunu hakimiyyətə maneəsiz gətirmək üçün hiyləgər plan hazırladı. Əvvəlcə o, oğlunu özünün siyasi müşaviri təyin etdi. Sonra onu hərbi forma geyib, kapitan rütbəsində prezident mühafizəsinin elitar hissəsinə - Respublika qvardiyasınnın diviziyalarına komandanlıq etməyə məcbur etdi.
Gələcək prezidenti həm də ali baş komandan kimi hazırlamaq üçün Əsəd təcrübəli generalları oğlunun fərdi proqram üzrə hazırlığına cəlb etdi. Nəhayət, Əsəd vitse prezdent Əbdül Həlim Həddamdan səlahiyyətlərini alıb, oğluna verdi və Bəşər "Livan düyününə" görə məsuliyyəti öz üzərinə götürdü.
Oğul üçün təmizlik siyasəti
Oğlunun Suriya taxt-tacına gedən yolunu təmizləmək üçün Əsəd tədricən vəliəhdin fəaliyyətindən narazı olanları kənarlaşdırdı, orduda, xüsusi idarədə və digər dövlət strukturlarında bir sıra şəxsləri işdən çıxardı.
Varis ölkə daxilində nüfuz qazanmağa çalışır, korrupsiya ilə mübarizə kampaniyasını həyata keçirirdi. Bu syasətin uğurla həyata keçirilməsi üçün daxili təhlükəsizlik xidmətinin mütəxəssisləri onun tabeliyinə verildi. Bundan başqa, ata oğluna konstitusiya qanunlarının pozulmasına görə həbs olunanları əfv etmək hüququ vermişdi. Qoy, xalq evin yeni sahibinin kim olduğunu unutmasın.
Bundan başqa, "taxt-tac vəliəhdi" investisiya siyasəti məsələrinə də nəzarət edirdi. O, gənc biznesmenlərlə ("yeni suriyalılar") dostlaşdı, bu sırada yüksək hakimiyyət eşalonlarında təmsil olunanların övladları da vardı.
Zaman-zaman Bəşər onların maraqlarını lobbiləşdirirdi ki, gələcəkdə onların köməyindən istifadə edə bilsin.
Əsəd səlahiyyətlərinin böyük bir qismini oğluna ötürdü. Bu sırada əcnəbi nümayəndə heyətlərinin qəbulu, hərbi-texniki əməkdaşlıq məsələləri, müxtəlif yüksək səviyyəli tədbirlərdə iştirak və s.
Beləliklə, Bəşər təvazökar həkim-oftalmoloqdan yaxşı komanda yığmış siyasətçiyə çevrildi. Böyük qardaşında və ələlxüsus atasında olan xarizma onda yox idi, bununla belə, o, təmiz və ədalətli siyasətçi imicini yarada bildi. Bununla belə, o çoxdan xalq lətifələrinin obyektinə çevrilib.
Necə olsa, o, Suriya hakimiyyətinə yiyələnə bildi. Maneəsiz və xüsusi ciddi-cəhdsiz. Atasının tərəfdarları onu öz çiyinlərində taxt-taca gətirdilər.
Amma...
Unutmaq lazım deyil ki, Bəşər Əsəd şiə ələvisidir. Şiə ələvilər isə Suriyada əhalinin cəmi 10 faizini təşkil edirlər. 30 ildir şiə azlığın hakimiyyəti altında olan sünni çoxluğun isə narazılığı getdikcə artırdı.
1984-cü ildə hakimiyyət çevrilişinə cəhddə günahlandırılaraq ölkədən qovulan əmisi Rifat Əsəd də prezidentin ciddi rəqiblərindən hesab olunurdu.
Bəşər Əsədi əsl hərbçi hesab etməyən "hərbi sekta"da da narazılar az deyil.
Nə nəhayət "Ərəb baharı"nın dalğası Suriyaya çatanda bu və digər narazı ocaqları körükləmək çətin olmadı...
Artıq demək olar ki, əvvəli intellektual, sonu diktator olan daha bir ərəb liderinin sonu çatmaq üzrədir.
Rəşad Əliyev
Digər Xəbərlər
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00
2024-12-23 13:28:00
2024-12-23 13:17:26
2024-12-23 12:51:57
2024-12-23 11:59:09
2024-12-23 11:27:07
2024-12-23 11:13:10