İran Avropa İttifaqı və Böyük Britaniyadan olan 9 təşkilat və 23 şəxsə qarşı cavab sanksiyaları tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə dekabrın 12-də ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Biz ölkəmizin daxili işlərinə heç bir müdaxiləni qəbul etmirik və bu cür hərəkətləri rədd edirik. Bəzi ölkələr tərəfindən görülən qeyri-konstruktiv tədbirlərlə əlaqədar olaraq, biz Avropa İttifaqının və İngiltərənin bəzi qurumlarına və xadimlərinə qarşı yeni sanksiyaların siyahısını tətbiq etdik", - İran XİN bildirib.
Belə ki, sanksiyalara aşağıdakılar daxildir: Radio Farda, Charlie Hebdo jurnalı, Britaniyanın Menwith Hill hərbi bazası, Britaniya Parlamentinin Azad İran Komitəsi və digər təşkilatlar. İranın sanksiyalarına məruz qalan şəxslər arasında Böyük Britaniyanın immiqrasiya naziri Robert Cenrik və Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargah rəisi Toni Radakin, Avropa Parlamentinin üzvü Hanna Neumann, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner də var.
Göstərilir ki, məhdudiyyətlər arasında vizaların verilməsinə qadağa qoyulması və yuxarıda adı çəkilən şəxslərin İrana girişinin mümkünsüzlüyü, habelə İslam Respublikasının yurisdiksiyasındakı ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi daxildir.
Ağarza Elçinoğlu