"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir:
"Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik. 2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər".