Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "taxıl dəhlizi" vasitəsilə daşınan yüklərin miqdarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan Karaismailoğlu, dünyanın ən əhəmiyyətli taxıl mərkəzlərindən biri olan Ukraynadan taxıl daşımalarının dayandığına diqqət çəkib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını söyləyib.
“1 avqust - 25 dekabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından ümumilikdə 585 gəmi yola düşüb. Daşınan yüklərin ümumi həcmi 15 milyon 80 min tonu ötüb. Arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi , noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan yağı, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşınıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, yüklərin 15 faizi Türkiyəyə ünvanlanıb. Bundan əlavə, yüklərin 12 faizi Afrikaya, 29 faizi Asiyaya, 44 faizi isə Avropaya daşınıb.