Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən İqbal Mikayılovun sürücüsü Samir Qasımov saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.
O bildirib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini Samir Qasımov tutulub. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Şirvan şəhər sakini İqbal Mikayılov dekabrın 28-də polis əməkdaşları tərəfindən saxlanılıb.