Braziliyada seçkilərdə solçu rəqibi Luiz İnasio Lula da Silvaya uduzan prezident Jair Bolsonaro, səlahiyyət müddətinin bitməsinə iki gün qalmış ABŞ-a gedib.

"Unikal" xəbər verir ki, Bolsonaronun məsləhətçiləri və həyat yoldaşı ilə birlikdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə dünən Floridaya getdiyi bildirilir.

Hava limanında jurnalistlərə açıqlama verən Bolsonaro "Uçuşum var, tezliklə qayıdacağam", - deyib.  

Bu qərarla ifrat sağçı lider Lulanın yenidən prezident olacağı bazar günü and içəcəyi mərasimə qatılmaqdan yayınacaq.

Braziliya mətbuatı Bolsonaronun qayıdıb-qayıtmayacağının bilinmədiyini bildirib. Dünən onlayn yayımlanan vida nitqində Bolsonaro, “Yanvarın 1-də hər şey bitməyəcək. Siz buna əmin ola bilərsiniz”,-deyib. Sağçı liderin səlahiyyət müddəti başa çatdıqdan sonra toxunulmazlığını itirəcəyi üçün Braziliyanı tərk etməyi seçdiyi deyilir.

Bolsonaronun ölkəni tərk etməsi ilə əlaqədar müvəqqəti olaraq bu vəzifəyə vitse-prezident Hamilton Mourao keçib.