Tbilisidə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, paytaxt polis idarəsinin direktoru Vaja Siradze bildirib ki, ölənlər qadın və kişidir. Daha bir qadın yaralanıb və xəstəxanaya aparılıb; onun həyatı təhlükədə deyil.
*** 23:04
İyulun 14-də axşam saatlarında Tbilisidə, dəmir yolu vağzalının yanında "Vağzal meydanı" deyilən ərazidə yerləşən qəzalı bina uçub.
"Unikal" xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.
Hadisə zamanı binanın yaxınlığında səyyar satıcılar da olub, bir neçə avtomobilə ziyan dəyib. Vətəndaşlar dağıntı zonasından təxliyə olunublar. Hadisənin şahidləri bildirirlər ki, əvvəlcə binada güclü səs eşidilib, sonra isə binadan müxtəlif hissələr tökülməyə başlayıb. Hazırda binanın içərisində vəziyyət dəqiq məlum deyil. Ərazidə dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri aktiv şəkildə davam edir.
Hadisə yerində Gürcüstanın daxili işlər naziri və Tbilisi meri Kaxa Kaladze də olub. Kaladzenin sözlərinə görə, bina qəzalı idi və bərpa üçün yararsız sayılırdı. Lakin sakinlərin yalnız bir qismi dövlətin təklif etdiyi köçürmə proqramından yararlanmışdı.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə istintaq başladılıb.