Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında partlayış baş verib.
"Unikal" xəbər verir ki, hadisə ilə bağlı "Azəriqaz" İB-nin direktoru Ruslan Əliyev ictimaiyyətə açıqlama verib.
O bildirib ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri hadisədən çox keçməmiş partlayış baş verən ərazidə olublar:
"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
İlkin məlumata əsasən, on yeddi mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Təhlükəsizlik tədbirləri baxımından dərhal ərazidə qaz təchizatı dayandırılıb.
Faktla bağlı araşdırma aparılır".
xxx
18:02
"Çox təəssüf edirik ki, yeni ili belə bir hadisə ilə başladıq. Partlayışla əlaqədar "Azərqaz" İstehsal Birliyinə aid məsələlərlə bağlı işlər yerinə yetirilib".
"Unikal" xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin sədri Ruslan Əliyev deyib.
O bildirib ki, hazırda binanın qaz təminatı tam dayandırılıb: "Təhlükəsizlik qaydalarına tam əməl edildikdən, bütün kəmərlər yoxlandıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq qazın verişi bərpa olunacaq. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Nəyinki həmin mənzilə, həm də digər mənzillərə zərər dəydiyindən qaz sızması ehtimalı böyükdür. Əlavə olaraq 3 mənzilə, həmçinin lift şaxtasına ziyan dəyib".