Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.
Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.
Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.
Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.
Kamran Allahverdiyevin xalası əməkdaşımızla söhbətində Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.
xxx
19:32
Bakıda 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
xxx
14:14
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 11:52
Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
Ölənlərin hamısı kişidir. Onların dəm qazından boğulduqları ehtimal edilir və meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
Ölən şəxslər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Murad İbrahimli