Fövqəladə Hallar Nazirliyi Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Unikal"a bildirilib ki, Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mis-qızıl zavodunun platasiya sexində baş verdiyi məlum olub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 100 m² olan platasiya sexinin yüngül metal konstruksiyalardan ibarət üzlük hissəsi 180 m² sahədə, pres filter avadanlığının yanar hissələri, mühərriklər, nasos avadanlıqları, elektrik kabelləri və elektrik panelləri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

18:12

xxx

Gədəbəy rayonunda qızıl-mis emalı zavodunda baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənən şəxslər evə buraxılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənən 8 nəfərə lazımı tibbi yardım göstərilib.

Xatırladaq ki, ümumi sahəsi 2 100 kvadratmetr olan qızıl-mis emalı zavodunun 180 kvadratmetr sahəsində yanğın baş verib. Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub, yanğın söndürülüb.

xxx

18:12

Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.

Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.

Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin, 180 kvadratmetr sahədə yanğın baş verib: "Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətindən verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.

"Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda aradan qaldırılıb, - şirkətdən bildirilib.