Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Lənkəran rayon sakini R.Mustafayev saxlanılıb.
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. R.Mustafayevin təbiətə 1 089 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.