Ötən gecədən başlayaraq yağan güclü qar və yaranan buzlaşma səbəbindən Muğanlı-İsmayıllı avtomobil yolunun Basqal qəsəbəsi və Qırlar kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb.

"Unikal"ın məlumatına görə hazırda bu yolda qarın qalınlığı 5-10 santimetr təşkil edir, çovğun və buzlaşma nəticəsində 100-dən çox minik avtomobili, sərnişin mikro avtobusları, yük maşınları yolda qalıb. Sərnişinlər piyada uzun məsafə qət edərək həmin buzlaşmış ərazini tərk ediblər. Muğanlı dairəsində yola nəzarət edən DYP əməkdaşları sürücülərə İsmayıllı yolunda hərəkətin çətin olduğunu bildirirlər. Avtomobillər Şamaxının Muğanlı dairəsindən və İsmayıllı şəhərindən geri qayıdaraq alternativ yola üz tuturlar. Hazırda ərazidə qar yağır, yolun təmizlənməsi işi ləngiyir. Bundan əlavə güclü külək dağlardakı qarı yola tökərək avtomobillərin hərəkətinə mane olur. Gecədən səhərədək avtomobillər yolda hərəkətsiz vəziyyətdə qalıb, bəzi nəqliyyat vasitələri yoldan çıxaraq çökək əraziyə aşıb.
Ağır texnikaların köməyi və əl əməyi ilə kənarda qalmış avtomobillərin işə salınması üçün işlər görülür. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.
Bundan əlavə, İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Yolların bu gün axşam saatlarında tamamilə buz bağlayacağı və gecə səhərədək avtomobillərin hərəkəti üçün çox təhlükəli olacağı gözlənilir. DYP əməkdaşları sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.
Şahnəzər Bəşirov