“Dünəndən bu günə paytaxt ərazisində hava şəraiti ilə bağlı 35-ə yaxın yol nəqliyyat hadisəsi olub. Qəzaların heç birində ölüm və xəsarət halları qeydiyyata alınmayıb. Əməkdaşlarımız xüsusilə yol ayrıclarında və hərəkətin mürəkkəb təşkil olunduğu ərazilərdə gücləndirilmiş qaydada xidmətlərini davam etdirirlər”.
Bu sözləri "Unikal"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, yollarda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yollarının birlikdə texnikaları cəlb olunub, qum və duz səpilib: “Bu qurumlardan bizə xüsusi dəstək göstərilir. Xidmət davam edir.
Xahişimiz odur ki, sürücülər mövsümə uyğun olmayan təkərlərlə yola çıxmasınlar, əhali əsasən ictimai nəqliyyatdan istifadə etsin. Digər avtomobillər də ictimai nəqliyyatın yoluna çıxmasınlar ki, fasiləsiz hərkət mümkün olsun.
Son olaraq, piyadalardan yolu nəzərdə tutulmuş yerlərdən keçməsini xahiş edirik. Havanın belə tutqun, qarlı olması, yollarda şəraitin mürəkkəbləşməsi, piyadaların da nəzərdə tutulmuş qaydalara düzgün şəkildə riayət etmədiyi zaman hər hansısa bir bədbəxt hadisələrə yol açıla bilər. Bunların olmaması üçün hər kəs diqqətli olsun”.