Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli binada baş verən yanğında 830 m² sahəyə ziyan dəyib, bir nəfər zəhərlənib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***13:55
Abşeron rayonunun Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
*** 12:39
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
"Unikal" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
***10:53
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.