Fevralın 14-də Ekvatorial Qvineyada ilk dəfə qeydə alınan Marburq virusundan daha 2 nəfər ölüb. Bununla da virusdan ölənlərin sayı 11-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ekvatorial Qvineya Səhiyyə naziri Mitoha Ondo'o Ayekaba məlumat yayıb.
Bildirilir ki, virusa yoluxma ehtimalı olan 48 nəfər müşahidə altına alınıb.
Ebolanın yaxın olduğu bildirilən Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkarlanıb.
Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş şəxslərdə yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər birdən-birə baş verir və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar inkişaf edir.
Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 23-90 arasında dəyişir.
2005-ci ildə Anqolada Marburq virusunun yayılması zamanı virusa yoluxan 252 nəfərin 90 faizi ölüb.