Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ səfirliyinin Gürcüstandakı xarici agentlər haqqında qanunun Kremldən ilhamlanaraq qəbul edilməsi barədə bəyanatını şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Peskov jurnsalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskvanın bununla heç bir əlaqəsi yoxdur və bu cür qanunların tətbiqi praktikasında pioner məhz ABŞ olub. Kreml sözçüsü onu da qeyd edib ki, gürcü qanun layihəsinin bir variantı oxşar Amerika qanununa bənzəyir, ikincisi isə mahiyyət etibarı ilə Rusiyanın bunlara heç bir aidiyyatı yoxdur.
Martın 7-də Gürcüstan parlamenti səs çoxluğu ilə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, Gürcüstanın paytaxtı Tbilisidə genişmiqyaslı etirazlara səbəb olub.
Etirazlardan sonra Gürcüstanda hakim “Gürcü arzusu” partiyası, “Xalqın Gücü” ictimai hərəkatı və parlament çoxluğu “Xarici agentlər haqqında” qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib.
Gülayə Mecid