Tbilisidə etirazçılar hökumətə yeni ultimatum irəli sürərək, hakimiyyətdən istefaya getməyi tələb ediblər .
"Unikal" xəbər verir ki, martın 9-da Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən mitinqdə Gürcüstan ordusunun bir qrup hərbi veteranı gözlənilmədən hökumətin istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı çağırışlar ediblər. Çıxış edənlərin fikrincə, indiki hakimiyyət “Gürcüstanı Avropa istiqamətində aparmağa qadir deyil”.
“Bu hökumət istefaya getməlidir, növbədənkənar parlament seçkiləri təyin olunmalıdır” deyən kürsüyə qalxan şəxs meydana toplaşanları bu tələbi dəstəkləməyə çağırıb.
Etirazçılardan bəziləri əllərini qaldıraraq həmrəy olduqlarını bildiriblər. Parlament binasında etiraz aksiyası davam edir.
Martın 7-də Gürcüstan parlamenti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra Tbilisidə iki gün etiraz aksiyaları davam edib. Nəticədə parlament qanun layihəsini qəbul etməkdən imtina etmək qərarına gəlib.
Daha sonra martın 7-də və 8-də inzibati xətalara görə saxlanılan Tbilisidə parlamentin yaxınlığındakı aksiya iştirakçılarının hamısı sərbəst buraxılıb.