Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.
"Unikal" xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Vəkil bildirib ki, prosesdə Rəşad Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Bu baxımdan vəkil prosesin qapalı keçirilməsini istəyib. Rəşad Dağlı vəkilin vəsatətini müdafiə edib.
Müşavirədən sonra hazırlıq iclasının qərarı açıqlanıb. Qərara görə vəsatət təmin edilməyib. Hakim bildirib ki, vəsatət əsaslandırılmayıb. Ona görə də indiki mərhələdə vəsatət təmin edilməsin. Məhkəmə qərara gəlib ki, gələcəkdə keçirilən proseslərdə ailə sirlərinin açılması ilə bağlı vəsatət əsaslandırılarsa, məsələyə baxıla bilər.
Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.
Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.
Qeyd edək ki, məhkəmə iclasına Rəşad Dağlının atası Vaqif Əmirov da gəlib.
Anar Kəlbiyev