Qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib.
"Unikal" xəbər verir ki, aprelin 29-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.
Ötən gün axşam saatlarında qeyri-sabit hava şəraiti daha çox Balakən rayonunda özünü göstərib. Belə ki, göy guruldayıb, şimşək çaxıb güclü küləklə müşahidə olunan yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Dolu əsasən rayonun Qabaqçöl qəsəbəsi və rayon mərkəzinə düşüb. Yağan dolu nəticəsində qismən təsərrüfatlara və ağaclara ziyan dəyib. Külək nəticəsində rayonun Qullar kəndində bir-neçə elektrik dirəyi yararsız hala düşüb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu gün səhər saatlarında ərazilərə elektrik enerjisinin verilməsi bərpa edilib.
Ötən gün axşam saatlarından başlayan qeyri-sabit hava şəraiti bu gün də Balakən və Zaqatala rayonlarında davam edir. Güclü külək nəticəsində Balakən rayon mərkəzində irigövdəli ağac aşıb. Ağacın aşması səbəbində ərazidə olan rayon sakini Cavid Musayevə məxsus “VAZ 21099” markalı minik avtomobilinə ziyan dəyib.
Bu gün günorta saatlarından sonra Zaqatalada keçən qeyri-sabit hava şəraiti nəticəsində rayon mərkəzinin bəzi hissələrinə, Yuxarı Tala, Aşağı Tala və Muxax kəndlərinin bəzi ərazilərinə qısa müddətli dolu düşüb. Dolu nəticəsində bir sıra təsərrüfatlara və ağaclara ziyan dəyib. Güclü külək nəticəsində rayonun Makov kənd inzibati ərazisində bir-neçə çinar ağacı yıxılıb. Bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda hər iki rayonda müvafiq qurumlar qeyri-sabit hava şəraitində dəymiş ziyanın aradan qaldırılmasında işlər aparır.
Seymur Əli