Saatlı Peşə Liseyinin sabiq direktoru Elxan Əzizəliyev və baş mühasib İdayət Rüstəmovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, istintaq zamanı Elxan Əzizəliyevin İdayət Rüstəmovla cinayətkar əlaqəyə girib vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşları və digər şəxslərin adlarına açılmış bank kartı hesablarına dövlət vəsaitlərini köçürməklə, həmçinin müəssisənin balansında olan avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması üçün saxta əməliyyatlar icra etməklə 79 min manatdan artıq dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İdayət Rüstəmovun 6 nəfər vətəndaşı sözügedən quruma işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 8 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə, bununla da onları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Elxan Əzizəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), İdayət Rüstəmova isə həmin Məcəllənin 178.2.2, 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.