Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.
FHN-dən "Unikal"a verilən xəbərə görə, günorta saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində 1 nəfər qadın 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bunu görən qonşular dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedici vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaq üçün xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 5-ci mərtəbədə yerləşən qonşu mənzilin eyvanına enib. Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca mənzilə daxil olaraq əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.