Sumqayıtda ət və ət məhsullarının satışı mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.
Bu barədə "Unikal"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Zeynalov Elmir Mehman oğluna məxsus “Mədinəm” ət və ət məhsullarının satışı mağazasında plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, satışda olan bəzi qida məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, yararlılıq müddəti ötmüş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Bundan başqa, monitorinq zamanı satışda olan ətlərdən götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən ətlərin istehlak üçün yararsız olduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, eyni zamanda markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və istehlak üçün yararsız olan ətlərin məhv edilməsinə dair qərar qəbul olunub.