“112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.
Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.