"Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib: "Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Biz isə sərfəli nəticə üçün çalışmalıyıq. Futbolçulara inanıram".
Qurbanov Sloveniya klubunun risk edəcəyini vurğulayıb: "Hesab bizi aldatmamalıdır. Onlar sabah heç nədən çəkinməyəcəklər. Biz daha fəal və aqressiv olmalıyıq. "Olimpiya"nın istənilən rəqibə qalib gəlmək üçün potensialı var. Futbolçular rəqibin oyununu yaxşı bilirlər. Burada daha diqqətli davranmalıyıq".