“Azəriqaz” İB-nin cari ilin 7 ayında abonentlərin qaz sərfiyyatının statistikasına əsasən 1 milyon 662 min 428 abonentin qaz sərfiyyatı hazırda 12 qəpiklik tariflə hesablanır, bu isə ümumilikdə abonentlərin 66.3 faizini təşkil edir. 754 min 649 abonentin qaz sərfiyyatı 20 qəpiklik tariflə hesablanır ki, bu da abonentlərin 30.1 faizini təşkil edir. 90 min 839 abonentin təbii qaz sərfiyyatı 25 qəpiklik tariflə hesablanır, bu da abonentlərin çox cüzi hissəsi – 3.6 faizini təşkil edir.
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Şöbə rəisi qeyd edib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhali sektoru üzrə təbii qazla təmin olunan 1 milyon 667 min 301 abonentin təbii qaz sərfiyyatı 12 qəpiklik tariflə hesablanıb, ümumilikdə bu göstərici ümumi abonentlərin sayının 68.5 faiz təşkil edib. Burada ötən ilin göstəricisi ilə müqayisədə 2 faiz artım müşahidə olunub. 674 min 361 abonentin qaz sərfiyyatı – 20 qəpiklik tariflə hesablanıb ki, bu da ümumi abonentlərin sayının 27.7 faizi təşkil edib. 93 min 109 abonentin qaz sərfiyyatı 25 qəpiklik tariflə hesablanıb, bu da abonentlərin ümumi sayının 3.8 faizini təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 0.2 faiz daha azdır.
“Ümumilikdə çox ciddi fərq yoxdur, bu isə onu deməyə əsas verir ki, abonentlər artıq təbii qazdan istifadə qaydalarını özlərinə müvafiq şəkildə həyata keçirirlər. İstər qənaət baxımından yanaşmaları, istərsə də itkilərlə mübarizə baxımından işlərini normal tənzimləyiblər ki, çox ciddi dəyişiklik yoxdur”, - deyə şöbə rəisi əlavə edib.