Ermənistan parlamentinin spikeri Alen Simonyan ermənilərlə azərbaycanlıların yan-yana yaşaması ilə bağlı fikirlərini tənqid edən sosial şəbəkə istifadəçilərinə cavab verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə spiker özünün "Telegram" kanalında yazıb.
"Şərhlərdə iki qonşu dövlətin sağ qalmasının ən yaxşı yolunun sülh və ticarət şəraitində yaşamaq olduğu barədə heç bir açıqlama görmədim. Şərhlər sadəcə təhqir və qorxudan ibarət idi. Bu qədər ürəksiz, azərbaycanlılarla yan-yana yaşamaq istəməyən bu insanların kim olduğunu anlamağa çalışdım və təəccüblü heç nə üzə çıxmadı. Gənc anaları, siyasətlə məşğul olan vizaj-makiyaj-tatuaj edən xanımları bir kənara qoysaq, məlum olur ki, onların əksəriyyəti Rusiya Federasiyasında yaşayır. Onların kiçik bir hissəsi də ABŞ-də yaşayır və təbii ki, azərbaycanlılarla çiyin-çiyinə yaşamaq istəmir və dediklərimi qəbuledilməz hesab edir.
Azərbaycanlılarla çiyin-çiyinə yaşamaq fikrim Stavropolda yaşayan vətənpərvər erməni gənci qəzəbləndirib. Ancaq gileyləndiyimi və ya əsəbiləşdiyimi düşünməyin, aydındır ki, ictimai bir insan, siyasətçi tənqid oluna bilər və edilməlidir", - deyə spiker qeyd edib.
Ağarza Elçinoğlu