Milli Məclisin sədri Sahibə Qafarova mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb.
"Unikal" xəbər verir ki, Bolqarıstan Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra Milli Məclisdə Heydər Əliyev Muzeyinə baxan Bolqarıstan Prezidenti Rumen Radev Xatirə kitabını imzalayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidentinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfəsini verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycanın və Bolqarıstanın dost, strateji tərəfdaş ölkələr olduğu qeyd edilib. Münasibətlərimizin inkişafında həm ikitərəfli səviyyədə, həm də çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb.
Bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti qeyd olunub.
Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var.
Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, “Həmrəylik halqası” layihəsinin reallaşmasında Azərbaycan mühüm rol oynadığını vurğulayıb.
Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub.
Sahibə Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin önəmini vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında humanitar əməkdaşlığın xüsusi məna və əhəmiyyət daşıdığı, son illər bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.
Ali qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Bolqarıstanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.
Eyni zamanda, dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.