Azərbaycanda nikahın bağlanmasına mane olan halların dairəsi genişləndirilir.  Bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaxın günlərdə keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

"Unikal" bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşların əksəriyyəti bu təklifə müsbət yanaşdıqlarını qeyd ediblər.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı da saytımıza açıqlama verib. O bildirib ki, Milli Məclisdə təklif olunan yaxın qohum nikahlarının qadağan edilməsi ilə bağlı təklif illərdir gündəmdə idi:

"Bu mövzu barədə sosial şəbəkələrdə çox müzakirələr gedir. Əslində, tək dünən və bu günün məsələsi deyil. İllərdir bizim yazdığımız, qadağan olunmasını istədiyimiz və həddindən artıq böyük bir problemdir. Ölkədə bağlanan nikahların təxminən 60%i qohum nikahlarıdır.

Ona görə də təhlükənin get-gedə böyüdüyünün fərqində olmaq, bu istiqamətdə iş görmək labüd idi. Beləliklə, yaxın qohum nikahlarının qadağan edilməsi məsələsi gündəmə gəldi. Bu həm ölkədəki genetik, irsi xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində çox ciddi addım olacaq, həm də ümumilikdə genefondun sağlamlaşdırılmasına ciddi şəkildə köməyi dəyəcək, çünki belə nikahlarda qan təzələnmir, eyni qanı daşıyanlar ailə qurur və eyni qandan uşaqlar dünyaya gəlir.

Bir neçə mərhələli qohum nikahları həyata keçirilir. Məsələn, ata-ana qohumdur, onların övladları da öz qohumları ilə evləndirilir.

Üçüncü nəsil belə qohum nikahlarından öz nəsibini almış olur. Beləcə, nəsilə yeni qan gəlmir. Genetika yerində sayır, təzələnmir. Ona görə də bu təklif mütləq və qaçılmaz idi. Doğrudur, bununla bağlı razılıq edənlərlə yanaşı, dəstəkləməyənlər də var. Onlar bu statistikadakı 60 faizlik qisim var ki, həmin şəxslərdir. İnsanlar elə hesab edirlər ki, qohum evlilikləri qohumluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir, amma gələcək nəsilləri düşünmürlər.

Xəstəlik ehtimallarını belə nəzərə almırlar. Hətta təhsilli, ziyalı adlandırdığımız insanlar belə bu dəyişikliyə etiraz edir, qohum nikahlarına olan qadağaların insan haqlarına müdaxilə olduğunu deyirlər. Dərinliyə gedəndə görürsən ki, bu necə böyük problem imiş”, - deyə o qeyd edib.

Müxbir: Zərifə Nağıyeva

Video: Ayxan Məlikov