Bu gün Qaradağda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. 

Əvvəlcə tədbir zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzuya uyğun videoçarx nümayiş olunub. 

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirib. Qeyd edob ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülüb. 

Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  çıxış edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova çıxışında 15 iyun - Milli Qurtuluş Günü ətrafında baş verən tarixi prosesləri nəzərdən keçirdi və onun müsbət nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına daxil olan 10 nəfərə partiya vəsiqəsi təqdim olunub. 

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman  Mikayılov yekunlaşdıraraq Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi və fəaliyyətlərində uğurlar arzulayıb.