İyunun 13-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin Səhiyyə komitəsi, Şirvan Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birlikdə təşkilatçılığı ilə “Daha sağlam və dayanıqlı gələcək naminə: Tullantıların səmərəli idarə edilməsi” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Millət vəkili İltizam Yusifov, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova,  idarə və müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş nitqi ilə açaraq qonaqları və tədbir iştirakçıları salamlayıb, bildirib ki, tullantıların davamlı idarə olunması hər bir ölkə, o cümlədən Azərbaycan üçün daha təmiz və ekoloji cəhətdən daha məsuliyyətli gələcək qurmağın vacib aspektidir.  Sonra Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova geniş məruzə ilə çıxış edib. Bildirib ki, tullantıların düzgün utilizasiya edilməməsi infeksiyaların yayılması, su mənbələrinin çirklənməsi və təhlükəli maddələrin buraxılması daxil olmaqla ciddi risklər yaradır. Tullantıların tələblərə uyğun daşınması və zərərsizləşdirilməsinin əhəmiyyətindən danışaraq, tullantıların idarə edilməsinin təkcə əhalinin qorunması üçün yox, ətraf mühitin mühafizəsi üçün də önəmli məsələ olduğunu qeyd edib. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək, bir çox hallarda tibbi tullantıların çeşidlənməsinin düzgün aparılmadığını bildirib. Vurğulayıb ki, tibbi tullantılar bioloji təhlükə törədir. Bu tullantılar - mikroblar, viruslar xəstə insanların bədənindən ixrac olunur. Bu zaman həmin tullantılar həm tibb işçilərinə, həm də sadə insanlara ciddi təhlükə yarada bilər. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə hər zaman böyük önəm verir. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi və fəaliyyətin təkmilləşdirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir və müzakirələr aparılır. Eyni zamanda, Milli Məclisin rəhbərliyinin də, xüsusilə Səhiyyə komitəsinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də məhz bu məsələlərdir. Buna misal olaraq 21 dekabr 2023-cü il tarixində Səhiyyə komitəsinin təşəbbüsü və bütün  aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda dinləmə keçirilib. 

Daha sonra Millət vəkili İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Təmiz Şəhər ASC-nin sektor müdiri Səyyaf Rüstəmli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Varis Qasımlı, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov çıxış edərək tullantıların idarə edilməsi sahəsində görülmüş işlər və nəticələr barədə məlumat veriblər. Bildiriblər ki, tullantıların idarə olunmasının, utilizasiyasının düzgün həyata keçirilməməsi ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan verir və xüsusən də epidemioloji baxımdan böyük təhlükə yaradır. Vurğulanıb ki, bu sahədə işlər daha da gücləndirilməli və aidiyyəti qurumlarla birlikdə tullantıların daha səmərəli idarəsinə nail olunmalıdır.

Tədbirin sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsini təqdim edib.