Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) ilk məzunları üçün Koreya (Cənubi) Respublikasında 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” təşkil edilib. 

"Unikal" xəbər verir ki, İNHA Universitetinin professor-müəllim heyəti və məzunların qatıldığı buraxılış mərasimi Azərbaycan Respublikasının və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Proqrama uyğun olaraq IV kursu İNHA Universitetində bitirən 61 məzundan 3 nəfərə - Nigar Qurbanovaya (İnformasiya texnologiyaları ixtisası), Sahibzaman Şirinova  və Şahmurad Orucova (Elektronika mühəndisliyi ixtisası) professor Park Jae-Hyun və dekan Sang Eun Shim tərəfindən Şərəf sertifikatı təqdim olunub.

Sonra Park Jae-hyun və Sang Eun Shim məzunlara təbriklərini, ürək sözlərini çatdırıblar.

Məzunlardan Sübahan Abdullayev (Elektronika mühəndisliyi ixtisası) və Aysel Həsənova (İnşaat mühəndisliyi ixtisası) tələbələr adından çıxış  ediblər. Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və fotoların çəkilməsi ilə başa çatıb. 

3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da , 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər. 

Proqram çərçivəsində bu il daha 83 tələbənin İNHA Universitetində təhsilini davam etdirmək üçün Koreyaya səfər edəcəyi gözlənilir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.