İyulun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.

Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.

İki ölkə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov xarici siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.

TDT ilə yanaşı, digər regional və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 22:53

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün sosial media hesabında paylaşım edib.

"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", – o qeyd edib.