Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində yer təki istifadəçilərilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Goranboy rayonundakı “Yuxarı Ağcakənd” gips yatağı daxilində fəaliyyət göstərən istismarçılar mədənlərdəki son vəziyyət barədə məlumat veriblər. 

Agentliyin sədr müavini Natiq Şirinzadə deyib ki, milli dağ-mədən sənayesini daha da gücləndirmək üçün beynəlxalq təcrübədən və innovasiyalardan faydalanmaq vacibdir. Hazırda mütəxəssislərimiz yer təkindən rasional və kompleks istifadə üzrə yeni normalar üzərində işləyir. Bu, yeni dağ-mədən modeli deməkdir. Şübhəsiz, müasir çağırış və tələblər də nəzərə alınmalıdır.  

Bu gün qanunsuz istismarın qarşısının alınması üçün lazımi tədbirlər görülür. İstismarçı şirkətlər də öz növbəsində dövlət və sahibkar maraqlarını qorumalı, ekoloji mühitə, rekultivasiya tədbirlərinə məsuliyyətlə yanaşmalıdırlar. Dağ-mədən fəaliyyətlərilə bağlı texniki - iqtisadi əsaslandırmanın detallı işlənməsi də vacib məqamdır. Şəffaflığı və operativliyi təmin etmək məqsədilə yaxın gələcəkdə mədənlərdə onlayn müşahidə mərkəzlərinin qurulması ideyası da aktual mövzulardan biridir. Xammal ehtiyatlarımızın həcmi daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialımızı da artırmağa imkan verir. Bunun üçün şirkətlər arasında elmi-texniki mübadilələri təşviq etmək və sağlam rəqabət mühitini qorumaq kimi məsələlər müzakirə olunub.