Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.

Qeyd edilib kii, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Məlumatda bildirilib ki, infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir".

*** 09:26

Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

"Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.