Dövlət Dəniz və Liman Agentliyi tərəfindən gəmilərinsıravi heyət üzvlərinə təqdim olunan sertifikatların (diplomların) verilməsi prosesi 30 sentyabr 2024-cü il tarixindən etibarən “Bakı KOB evi”ndə həyata keçiriləcək.
"Unikal" xəbər verir ki, bu prosesə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi daxildir.
Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
–şəxsiyyəti təsdiq edən sənəd;
–ixtisas diplomu;
–sertifikat (diplom) (əgər varsa);
–Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqına şəhadətnamə verilmiş tibb müəssisəsinin verdiyi dənizçinin tibb sertifikatı;
–tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;
–ümumvətəndaş pasportu (ehtiyac olarsa);
–dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
–üzmə haqqında arayış və ya təcrübə jurnalı;
–3x4 sm ölçüdə, ağ fonda rəngli fotoşəkil (2 ədəd).
Qeyd edək ki, qəbul olunmuş sənədlər əsasında sertifikatlar (diplomlar) beş iş günü müddətində hazırlanaraq təhvil veriləcək.
Məlumat üçün bildirək ki, hazırda dənizçilərə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi” ilə yanaşı, Agentlikdə də verilir. Növbəti mərhələdə isə bu prosesyalnız “Bakı KOB evi”ndə təşkil olunacaq.