Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir.
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edildiyini də diqqətə çatdırıb.