Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “YAŞAT” Fondunun rəhbərlyi ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edən AHİK sədri Sahib Məmmədov həssas kateqoriyadan olan insanların məsələlərinin

Konfederasiya tərəfindən də diqqətdə saxlanıldığını bildirib. Vurğulayıb ki, şəhid ailələrinə və qazilərə həssas yanaşma vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər birimizin borcudur.

AHİK ilə “YAŞAT” Fondu arasında mövcud əməkdaşlığa toxunan Konfederasiya sədri qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib, əməkdaşlığın perspektivləri barədə fikirlərini səsləndirib.  

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov isə rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə danışıb. Bildirib ki, Fond yarandığı gündən etibarən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir və bu tədbirlərin şəffaf şəraitdə həyata keçirilməsinə çalışır. Elvin Hüseynov dəstək məqsədilə həyata keçirilən tədbirlərdə ədalətlilik və növbəlilik prinsipinin önəmini də diqqətə çatdırıb.

Görüşdə həmçinin həssas qrupdan olan insanların məşğulluğunun təmin olunmasının, peşə hazırlığına cəlb edilməsinin vacibliyi AHİK sədri tərəfindən qeyd olunub. 

Eləcə də gələcəkdə görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, yeni layihələr barədə müzakirələr aparılıb.