Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilir. Layihədə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, qanuna təklif olunan dəyişiklik günün tələblərindən irəli gəlir və çox əhəmiyyətlidir.
Komitə sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, iqtisadiyyatımızın inkişaf etdirilməsi istiqamətində atılan addımlar gündən-günə sürətləndirilir:
"Həmin ərazilər kənd təsərrüfatı potensialına malikdir. Torpaqlardan səmərəli istifadə olunması üçün yeni imkanlar müəyyən olunmalıdır. Eyni zamanda, insanların təklifi nəzərə alınmalıdır. Gələcəkdə həmin torpaqlarda islahatlar aparılacaq. Həm də dövlət mülkiyyətində olan torpaqların istifadəsi, bölüşdürülməsi və digər tədbirlərin görülməsi nəzərdə tutulur. İnvestisiya yatırmaq imkanları olan adamlar müsabiqə yolu ilə həmin torpaqları icarəyə götürmək hüququna malik olacaqlar. Həmin ərazidəki kənddə, qəsəbədə yaşayan sakinlərə bu torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bu, insaların rahatlığı, orada normal həyat şəraitinin yaradılması və torpaqlardan səmərəli istifadə olunması üçün çox vacibdir. Həm də torpaqların icarəyə verilməsi nəticəsində bir çox insanlar işlə təmin olunacaqlar. Əkib-becərib məhsul götürərək müəyyən gəlir əldə edəcəklər. Qanuna dəyişiklikdə də qeyd olunub ki, burada məskunlaşan sakinlərə verilməsi nəzərdə tutulur".
Azad olunmuş ərazilərdəki torpaqların digər şəxslərə də icarəyə verilə biləcəyinə gəlincə, deputat dövlət torpağının olduğunu vurğulayıb: "Bu torpaqlar investisiya müsabiqəsində iştirak edən şəxslərə icarəyə veriləcək. Bu da dövlət torpaqlarını nəzərdə tutur ki, qanunvericiliyə uyğundur".
Anar Kəlbiyev