Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ağlına gələn ilk ideyalardan biri avtomobil alqı-satqısıdır. Hətta güman etmək mümkündür ki, nə vaxtsa şəxsi biznesini yaratmaq barədə xəyal quranların çoxu da bu fikri reallaşdırmağa məhz avtomobil biznesindən başlamağın qənaətindədirlər.
Bunun sadə səbəbi var: Xarici ölkələrdən avtomobilləri nisbətən aşağı qiymətə Azərbaycana gətirərək onları ölkə daxilində baha qiymətə satmaq bir çox vətəndaşlar üçün hədsiz dərəcədə cəlbedici görünür. Halbuki məsələ əksəriyyətin düşündüyü qədər sadə deyil: İstənilən sahibkarlıq fəaliyyətində olduğu kimi, avtomobil alqı-satqısı zamanı da vacib və xüsusi diqqət tələb edən məqamlar mövcuddur. Əvvəla, bu biznes sahəsinə start vermək üçün kifayət qədər ciddi məbləğdə maliyyəyə ehtiyac duyulur, üstəlik, bir çox riskləri yaxşıca götür-qoy etmək lazımdır. Məsələn, bəzən gözlənilməz şəkildə, müxtəlif səbəblər ucbatından əhalinin alıcılıq qabiliyyəti xeyli aşağı düşə və bazarda durğunluq yarana bilər. Belə olan halda sözügedən biznesə başlayanlar kuryoz vəziyyətə düşə bilərlər.
Yeri gəlmişkən, hazırda Azərbaycanın avtomobil bazarında məhz bu cür vəziyyət hökm sürür.
Məsələ ondadır ki, ölkəmizdə hər il avtomobillərin sayı artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin əvvəlində ölkədə 1 milyon 738 min 940 ədəd avtomobil mövcud olub. Onlardan 1 milyon 501 min 957 ədədi minik avtomobilləridir. 2024-cü ilin yanvar-avqust aylarında isə ölkəyə 53 min 6 ədəd minik avtomobili, 5 min 465 ədəd yük avtomobili, 165 ədəd isə avtobus idxal edilib.
Rəsmi statistikadan da göründüyü kimi, Azərbaycandakı avtomobillərin sayı bu il də artıb. 2024-cü ilin sonuna qədər bu rəqəmlərin daha da artacağı istisna deyil.
Lakin bütün bunlara baxmayaraq, son dövrlərdə ölkəmizin avtomobil bazarında durğunluq yaşanır. Bunun bir neçə səbəbi var.
Biz həmin səbəbləri sadalamazdan öncə başqa bir vacib nüansa – avtomobil alarkən hansı məsələlərə diqqət yetirilməli olduğuna toxunmaq istərdik.
Azərbaycanda avtomobil almaq istəyən vətəndaş ilk növbədə həmin maşının xərclərini nəzərə alır. Belə ki, ölkəmizdə daha çox minimum xərc tələb edən avtomobillərə üstünlük verilir. Vətəndaşın aldığı avtomobilin detalları dözümlü olmalı, mütəmadi şəkildə xərc tələb etməməlidir.
Bundan başqa, avtomobil almaq istəyən şəxs onun yanacaq sərfiyyatını, təmir və parklanma xərclərini, ehtiyat hissələrinin qiymətlərini də nəzərə almaq məcburiyyətindədir.
Hansı növ yanacaqdan istifadə edən avtomobillərə üstünlük verilməlidir?
Hazırda benzin, dizel yanacağından istifadə edən və hibrid sisteminə malik olan avtomobillər, həmçinin elektrik enerjisi ilə çalışan elektromobillər mövcuddur.
Azərbaycanda dizel yanacağının qiyməti benzinə nisbətən aşağı olsa da, bu yanacaq növü ekoloji cəhətdən əlverişli deyil. Hətta bəzi xarici ölkələrdə dizel mühərrikli avtomobillərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə tədbirlər dizel avtomobillərinin sahiblərinə əlavə vergi tətbiq etməklə həyata keçirilə bilər. Bundan başqa, Avropa ölkələrinin dizel avtomobillərdən tamamilə imtina edə biləcəyi ilə bağlı xəbərlər də son vaxtlar intensivləşib.
Hibrid sisteminə malik olan avtomobillər və elektromobillər isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayılır. Bu cür avtomobillər yanacaq sərfiyyatını xeyli azaltmaqla yanaşı, ətraf mühitə atılan tullantıların miqdarını da əhəmiyyətli dərəcədə aşağı salır. Həmin maşınlar şəhər daxilində əsasən elektrik mühərrikinin gücü hesabına hərəkət edirlər. Elektromobillər isə yalnız elektrik enerjisi ilə çalışdığı üçün ətraf mühiti ümumiyyətlə çirkləndirmirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə idxalında gömrük rəsmiləşdirməsi zamanı bəzi güzəştlər tətbiq olunur.
Bazar qiymətlərinə nəzər saldıqda aydın şəkildə görünür ki, ölkəmizdə dizel mühərrikli avtomobillərin qiyməti benzinlə işləyən maşınların qiymətindən daha yüksəkdir. Bunun başlıca səbəbi isə həmin avtomobillərin aşağı yanacaq sərfiyyatı və dizelin qiymətinin benzindən daha ucuz olmasıdır.
Avtomobili status üçün alanlar
Bir qrup yüksək gəlirli şəxslər var ki, onlar avtomobili kənardan özləri və həyat tərzləri ilə bağlı lüks görüntüsü yaratmaq üçün alırlar. Həmin şəxslər ən bahalı və komfortlu markalara üstünlük verirlər. Onlar belə avtomobillərə, əsasən, ikinci əl bazarından yox, yeni vəziyyətdə sahiblənirlər.
Ehtimal etmək olar ki, haqqında danışdığımız şəxslər üçün bahalı və komfortlu avtomobillərə tələbat həmişə olacaq. Bu cür insanlar üçün avtomobil təkcə nəqliyyat vasitəsi deyil, həm də cəmiyyət arasında "yüksək status" qazanmaq baxımından mühüm rol oynayır.
Ona görə də, lüks avtomobillərin bazarı orta və aşağı qiymətli ikinci əl maşınların bazarından tamamilə fərqlənir.
Avtomobil alqı-satqısı biznesində risklər
Əvvəldə də vurğuladığımız kimi, avtomobil bazarı kifayət qədər riskli sayıla bilər, çünki xarici ölkələrdən maşınların gətirilməsi heç də tamamən etibarlı və təhlükəsiz deyil. Belə ki, avtomobillərin idxalı zamanı onların bu və ya digər səbəblərdən zərər görməsi mümkündür. Eyni zamanda, həmin maşınların ölkəyə vaxtında çatdırılması baxımından müəyyən gecikmələr də yarana bilir.
Bir az da konkretləşdirək: Məsələn, ABŞ-dən ölkəyə gətirilən avtomobillər gəmi ilə daşınır. Həmin avtomobillərin gətirilməsi zamanı maşınlar uzun müddət gəmidə qaldıqları üçün bir çox hallarda onların salonunda xoşagəlməz vəziyyət yaranır. Azərbaycana çatdıqdan sonra avtomobili sifariş edən şəxs həmin problemləri aradan qaldırmağa məcbur olur. Bu isə əlbəttə ki, həmin şəxs üçün əlavə (və proqnozlaşdırılmayan!) xərc deməkdir.
Digər tərəfdən, avtomobili auksiondan və ya xarici internet saytından taparaq sifariş edən şəxs bu nəqliyyat vasitəsi ölkəyə çatdıqdan sonra “sürpriz”lə qarşılaşa bilər. Məsələ orasındadır ki, öncədən alıcıya məlumat verilməyən, yaxud xarici saytda göstərilməyən texniki və ya elektrik sistemi ilə bağlı nasazlığa rast gəlinməsi mümkündür.
Fərz edək ki, hazırki durumda olduğu kimi, avtomobillərə tələbat aşağı düşüb və alqı-satqı ilə məşğul olan şəxslərin əlində bir çox sayda maşınlar qalıb. Bu müddətdə də həmin avtomobillərdə hər hansı nasazlıqların üzə çıxması istisna olunmamalıdır. Belədə isə yenə də əlavə xərclər meydana çıxır.
Bir sözlə, avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamazdan öncə bütün mümkün riskləri, proqnozlaşdırılmayan, əlavə xərcləri nəzərə almaq lazımdır.
Hazırda avtomobil alqı-satqısı biznesi ilə məşğul olmaq nə dərəcədə effektivdir?
Avtomobillərin alışına tələbatın azaldığını nəzərə alsaq, bu sahəyə maraq göstərən biznesmenlərin də sayının azalacağını təxmin etmək mümkündür. Heç bir sahibkar ölkəyə gətirdiyi avtomobilin uzun müddət boyunca "əlində qalmasını", yəni satılmamasını istəməz.
Digər tərəfdən, hazırda avtomobil bazarında şirkətlərin və fərdi sahibkarların payı xeyli yüksəkdir. Belə olduğu halda rəqabət də artır. Xaricdən ölkəyə avtomobil idxal edən şirkət həm etibarlılığı ilə seçilməli, həm də öz xidmətini digər şirkətlərdən aşağı qiymətə təklif etməlidir ki, müştərilər məhz onlara üz tutsunlar.
Avtomobil bazarındakı durğunluğun uzun müddət davam edəcəyi təqdirdə, bu sahədə çalışanların sayı da azala bilər.
Avtomobillərin alışına tələbatı azaldan amillər hansılardır?
İndi isə keçək əsas mətləbə.
Vətəndaşların avtomobillərə olan tələbatının azalmasının bir neçə səbəbi var. Bunlardan biri xüsusilə Bakıdakı tıxaclardır. Son illərdə paytaxtda tıxacların artması insanların avtomobillərdən imtina etməsini şərtləndirir. Hökumət isə bu problemin həll olunması istiqamətində bəzi tədbirlər həyata keçirir.
Misal olaraq, yollarda velosiped və avtobus zolaqları çəkilir, qanunsuz parklanma yerləri ləğv edilir. Səkini, piyadaların yollarını zəbt edənlər cəzalandırılır.
Bununla belə, tıxac problemi öz aktuallığını qoruyub saxlayır. Nəticədə avtomobildən gündəlik istifadə edənlər həm yanacağa əlavə pul ödəmək məcburiyyətində qalır, həm də tıxaca düşdükləri üçün stress keçirməli olurlar. Üstəlik, mənzil başına daha gec çatırlar.
Halbuki avtobus zolaqlarının mövcudluğu səbəbindən ictimai nəqliyyatla hərəkət etmək əksər vətəndaşlar üçün hazırda daha sərfəlidir.
Nəticə etibarilə əhalinin bir qismi avtomobillərdən imtina edir və ictimai nəqliyyata üz tuturlar.
Başqa bir vacib məqam: Məlum olduğu kimi, 2024-cü ildə Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti ucuzlaşsa da, "Aİ-92" markalı benzinin və dizel yanacağının qiyməti bahalaşıb. Həmçinin avtomobillərin ehtiyat hissələrinin və təmir qiymətlərinin də artdığı kimsəyə sirr deyil. Bu isə vətəndaşların xərclərini artırır. Ona görə də bəziləri avtomobillərin istifadəsindən imtina etməyi sonuncu çıxış yolu kimi görürlər.
Unutmayaq ki, Azərbaycanda idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunun və vergilərin məbləği də az deyil. Ölkəyə istehsal tarixi 10 ildən artıq olan avtomobillərin gətirilməsinin artıq qadağan edildiyini nəzərə alsaq, Azərbaycana idxalı qanunvericiliklə mümkün olan avtomobillərin qiymətinin yüksəlməsi də məlum həqiqətdir.
Haqqında danışılan qərara qədər ölkəyə istehsal ili 2006-cı il və daha yuxarı olan avtomobillərin gətirilməsinə icazə verilirdi. Belədə isə ölkəyə qiyməti daha ucuz olan maşınların idxalı mümkün idi. Hazırda isə yalnız yaşı 10 ildən çox olmayan avtomobillərin gətirilməsinə icazə verilir. Yüksək qiymət səbəbindən onları almaq isə hər kəsin maddi imkanları daxilində deyil. Belə olan təqdirdə vətəndaşların çoxu ölkə daxilində daha öncə gətirilmiş avtomobilləri almaq məcburiyyətində qalırlar. Uzun sözün qısası, ölkəyə köhnə avtomobillər gətirilmir, onların sayı artmır, yalnız bazardakı mövcud köhnə maşınlar əl dəyişdirir.
Sadalananlarla yanaşı, son illərdə Azərbaycanda avtomobillərin idxalı və alqı-satqısı ilə məşğul olan şəxslərin və şirkətlərin sayı da xeyli artıb. Belə ki, ölkəmizə daha çox ABŞ-dən, Cənubi Koreya Respublikasından və Çindən avtomobillər gətirilir. İkinci əl avtomobillər daha çox ABŞ-dən və Cənubi Koreyadan idxal edilir. Çindən gətirilənlər isə daha çox yeni avtomobillərdir.
Vurğulamaq yerinə düşər ki, ABŞ-dən idxal edilən avtomobillərin əksəriyyəti bir az əvvəl qeyd etdiyimiz səbəbdən ünvana müəyyən zədə ilə gəlib çatır. Onlar yalnız təmir edildikdən sonra satışa çıxarılır. Cənubi Koreyadan isə daha çox həmin ölkənin daxilində istehsal edilən “Hyundai” və “Kia” markalı avtomobillər gətirilir. Həmin maşınlar arasında dizel mühərrikli avtomobillər üstünlük təşkil edir.
Ümumilikdə, Azərbaycanın avtomobil bazarında təklif tələbi üstələyib. Bazara tələbdən daha çox avtomobil gətirilib. Satışın çətinləşməsinin əsas səbəblərindən biri də budur.
Ekspertlər avtomobillərə tələbatın azalması barədə nə düşünürlər?
Mövzu ilə bağlı ekspertlərin fikirləri də maraqlıdır.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, avtomobillərə tələbin azalmasının əsas səbəbi alıcılıq qabiliyyətinin aşağı düşməsidir: “Digər səbəb isə bank kreditləri ilə satılan avtomobillərin sayının xeyli azalmasıdır. Belə ki, son zamanlarda bank kreditlərinə dair tələblər xeyli sərtləşdirilib. Bu səbəbdən avtomobil bazarında durğunluq yaranıb".
"Alıcılıq qabiliyyəti aşağı düşən vətəndaşlar kreditin çətinləşdiyi üçün daha çox lizinqdən istifadə edirlər. Lizinq isə uzun müddətlidir. Faiz dərəcəsi də çoxdur. Bu səbəbdən vətəndaşın çiyninə əlavə bir yük yaradır”, – Cəfərli əlavə edib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov da hesab edir ki, avtomobillərə tələbin aşağı düşməsinin əsas səbəbi əhalinin alıcılıq qüvvəsinin azalmasıdır: “Avtomobil bazarı təxminən bir ildir ki, qeyri-fəal, bununla belə sabitdir. Qiymətlərin də sabit qaldığını söyləmək mümkündür. Nə kəskin qiymət enməsi, nə də artması müşahidə edilir".
Cəfərovun fikrincə, yaranmış vəziyyət ölkənin reklam bazarına da təsirsiz ötüşməyib: "Aydın şəkildə görünür ki, avtomobillərin reklamları xeyli azalıb. Reklam verən şirkətlərin sayı da aşağı düşüb. Məsələnin səbəbini araşdırdıqda məlum olur ki, avtomobil bazarında alıcı qıtlığı hökm sürür. Alıcı qıtlığı isə rəqabətin zəifləməsinə gətirib çıxarır. Nəticədə avtomobil satışı ilə məşğul olan şirkətlər reklam verməyə ehtiyac görmürlər. Bir sözlə, avtomobil bazarındakı durğunluq reklam bazarına da mənfi təsir edir", – ekspert vurğulayıb.
Son zamanlar yollarımızda yeniliklərlə rastlaşırıq: Avtobus və velosiped zolaqları çəkilir, piyadaların rahat və təhlükəsiz hərəkət etmələri üçün şərait yaradılır. Bu cür yeniliklər isə bəzi sürücülərin xoşuna gəlmir. Belə ki, onlar avtobus və velosiped zolaqlarının çəkilməsindən sonra tıxacların daha da artdığını düşünürlər. Bir çoxları isə bu qənaətdədir ki, yollardakı yeniliklər insanları avtomobillərdən imtina edərək ictimai nəqliyyatdan istifadəyə, yaxud piyada hərəkət etməyə həvəsləndirmək baxımından təqdirə layiqdir.
Bəs yollardakı avtobus və velosiped zolaqları necə, avtomobillərə tələbatın aşağı düşməsində hansısa rol oynayırmı?
Eldəniz Cəfərov bunu mümkünsüz sayır: "Mən düşünmürəm ki, yollardakı yeniliklər avtomobil bazarındakı durğunluğun səbəbi kimi göstərilə bilər. Bazarın zəifləməsinin əsas səbəbləri iqtisadi amillərlə bağlıdır. İkinci əl avtomobil bazarında da maşın satanların sayı çoxdur, alanların sayı isə buna nisbətlə xeyli azdır. İşlənmiş avtomobillərin alqı-satqısına nəzər yetirsək görərik ki, mühərrik həcmi əsasən 1500-2000 kub santimetr aralığında olan nəqliyyat vasitələrinə üstünlük verilir.
Yeni avtomobillər arasından isə mühərrik həcmi 2000 kub santimetr və daha yuxarı olan hibrid maşınlara maraq daha çoxdur".
"Ümumilikdə, bu gün Azərbaycanın avtomobil bazarında daha çox satılan maşınlar krossoverlər və mini krossoverlərdir”, – ekspert əlavə edib.
Beləliklə, hazırda Azərbaycanın avtomobil bazarında qəribə situasiya yaranıb: Həm maşın almaq istəyən, həm də satmağa çalışan şəxslər əziyyət çəkirlər. Bu vəziyyətin nə qədər davam edəcəyini və necə nəticələnəcəyini isə zaman göstərəcək.
Murad İbrahimli