Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində yanğınla nəticələnən partlayış nəticəsində ev sahibəsi 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, Q.Babayeva Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Partlayışa ilkin səbəb kimi qaz sızmasının olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

*** 13:39

Qubada yaşayış evində partlayış olub, xəsarət alan var.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində partlayış və yanğın baş verib.

Belə ki,  Bədiyəl Babayevə məxsus fərdi yaşayış evində partlayış olub, nəticədə evdə güclü yanğın başlayıb. Hadisə zamanı Q.Babayeva muxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Əraziyə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub, alovun qarşı alınıb.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Dəqiq səbəb isə, aparılan araşdırmalardan sonra məlum olacaq. 

Xanlar Qaraca

XXX

13:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər bədən xəsarətləri alıb.