Danimarka rəsmi olaraq kral gerbindən İsveç simvolu olan üç tacı çıxarıb.
"Unikal" xəbər verir ki, Danimarkanın yeni kralı X Frederikin ilk Yeni il müraciəti zamanı təqdim etdiyi qərar 500 illik münaqişəyə son qoyur.
Üç tac İsveçdə hələ XIV əsrdə istifadə olunmağa başlayıb və 1397-ci ildən 1521-ci ilə qədər Danimarka, İsveç və Norveçi birləşdirən Kalmar İttifaqının ümumi gerbinin bir hissəsi olub. Birliyin dağılmasından sonra İsveç kralları dəfələrlə Danimarkadan gerbdən simvolu çıxarmağı tələb ediblər. Lakin Danimarka monarxları bundan imtina ediblər, bu da on minlərlə insanın həlak olduğu iki qanlı müharibə - Şimal Yeddiillik müharibə və Kalmar müharibəsi ilə nəticələndi. Kalmar müharibəsi İsveç üçün böyük bir məğlubiyyətlə başa çatdı və o vaxt danimarkalılar simvolu saxlamaq hüququ qazandılar.
İsveç tarixçisi Dik Harrison üç tacın götürülməsi qərarını tarixi sensasiya adlandıraraq, bu simvolun Skandinaviyada ən uzun sürən münaqişələrdən birinin mövzusu olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər belə bir hadisə İsveçdə kütləvi bayramlara və şənliklərə səbəb olardı.
Yeni gerbin müəllifi Ronni Skov Andersen izah edib ki, əsas məqsəd Qrenlandiya və Farer adalarının xüsusi yer tutduğu Danimarka krallığının müasir reallığını əks etdirmək olub. Yeni gerbdə bu ərazilərə daha çox əhəmiyyət verilmiş, keçmişlə bağlı olan üç tac isə köhnəlmiş element kimi aradan qaldırılıb.
“Gerb Danimarkanın bugünkü vəziyyətini simvolizə etməlidir, köhnə münaqişələri xatırlatmamalıdır”, - deyə Skov Andersen bildirib.