Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış Ermənistanın siyasi dairələrində  kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir. Onun həmin çıxışında deyilir: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi.

Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”. O, həmçinin Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdiklərini  söyləyib. Levon Ter-Petrosyan bu sözləri ilə bir daha Ermənistanın tarixən soydaşlarımıza qarşı etnik təmizləmə apardığını, onların faktiki olaraq silah gücünə qovulduğunu bildirib. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir.

Yeri gəlmişkən, XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini müsahibələrində,  yazılarında dünyaya bəyan etməkdən də çəkinməyiblər. 15 dekabr 2000-ci il tarixdə Ermənistan müdafiə naziri işləyən Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala bununla bağlı etiraf  da edib:  "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı." Və yaxud əli yüzlərlə azərbaycanlının qanına batan cani Koçaryan 2003-cü ilin yanvarında AŞPA-da etdiyi çıxışında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat verməklə faşist, irqçi mahiyyətin ortaya qoymuşdu. Levon Ter-Petrosyanın məlum videoyazısında təcavüzkar ölkənin məqsədinin Azərbaycan əraziləri hesabına “böyük Ermənistan” yaratmaqdan ibarət olduğu açıq-aydın göstərilib. Digər tərəfdən, bu videoyazıda Petrosyanın  əsl faşist təfəkkürü  sərgilənib. Təkcə onunmu? Eləcə də soydaşlarımıza qarşı soyqırımlar təşkil edən eks-prezidentlər - Robert Koçaryan, Serj Sarkisyanın da… Şübhəsiz, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları - Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması, layiqli cəzalarını almaları üçün tam əsas verir. Şübhəsiz, suveren, qüdrətli Azərbaycan dövləti buna da nail olacaq. 2020-ci ildə Vətən müharibəsində şanlı qələbəyə nail olduğu kimi. Erməni daşnaklarının özünüifşa çıxış və müsahibələri heç bir mənbəyə istinad etmədən dəqiq təsdiqini tapır ki, azərbaycanlıların dədə baba yurdları olan Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) tariximizin unudulmaz bir parçasıdır. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olub və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi.

XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları da dəyişdirilərək ermənıləşdırilib. Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən mənim də iştirak etdiyim görüşdə dedi ki: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. Məsələn, Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən dədə yurdlarımızdandır.

Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adının sonradan Vardenisə çevrilməsi türk mənşəli bir toponimin üzərinə edilən növbəti erməni təcavüzüdür. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhurdur. Bu mahal türk mənşəli toponimlərlə zəngindir. Həmin toponimlərin əksəriyyəti dəyişdirilsə də, onların adları bədii ədəbiyyatda, yaddaşlarda yaşayır. Fikrimi ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm. Prezidentimiz bildirdi ki, “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” sözlərinin hər birimizdə yaratdığı böyük inama güvənərək bir daha qeyd etmək istəyirik ki, vaxt gələcək Azərbaycan torpaqlarının yaddaşı olan, pasportuna çevrilən yer-yurd adları yenidən vətəndaşlıq hüquq qazanacaq. Biz buna tam əminik. Bu istiqamətdə Qərbi Azərbaycan İcması həm ölkə daxilində həmdə beynəlxalq səviyyədə böyük layihələr həyata keçirir.

Milli Məcisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov