30 yanvar 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı baş tutub.

"Unikal" xəbər verir ki, tədbirdə Rahib Məmmədovun ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. SOCAR-ın Kulevi terminalının maliyyə dəstəyi ilə çəkilmiş və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadə olan “19 yaşlı xilaskar" sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirildikdən sonra Rahib Məmmədovun qardaşı çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölümlə üz-üzə qalmış insanları xilas edərkən böyük hünər və rəşadət göstərmiş 19 yaşlı Rahib Məmmədov 28 nəfər sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. SSRİ miqyasında Rahib Məmmədovun qəhrəmanlığına görə verilən “Qırmızı Ulduz” ordeni Böyük Vətən Müharibəsindən sonra 1987-ci il fevralın 2-də etdiyi qəhrəmanlığa qədər heç bir kəsə verilməyib.

Hazırda Çaladidi kənd orta məktəbi Rahib Məmmədovun adını daşıyır. Tiflisdə və Gürcüstanın müxtəlif yerlərində Rahibin adı əbədiləşdirilib, daim yad olunur. Rahib Məmmədovun adı təkcə qonşu ölkədə deyil eyni zamanda Bakı şəhərində və doğulduğu Mahrızlı kəndində də əbədiləşdirilib. Belə ki, paytaxda qəhrəmanın adına küçə, doğulduğu kənddə isə oxuduğu tam orta məktəb və “Döyüş şöhrəti” muzeyi mövcuddur.