Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Liderin gənclər siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Darvinbəyova və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısından bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin dövlətin əsas prioritet istiqamətlərindən biri olduğu xüsusi qeyd olunub: “2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Dövlət başçısının sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər”.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.