Fevralın 26-da Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Qeyd edək ki, fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutublar. Qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.

"Unikal" xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi Lənkəran şəhərində, azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında keçirilib.

Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər, abidə önünə tər güllər düzüblər, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalı fəryadı” adlı kompozisiya nümayiş etdirilib. 

Qeyd edək ki, rayon ərazisində dövlət bayraqları yarıyadək endirilib, gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə əhali tərəfindən ziyarət olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil edilib.