"Kuzeyin oğlu" ləqəbi ilə tanınan türkiyəli sənətçi Volkan Konak barəsində ortaya çıxan xəbər diqqət çəkib.
"Unikal" Türkiyə KİV-ə istinadla bildirir ki, ölümü ilə hər kəsi kədərləndirən Volkan Konakın illərdir tələbələrə təqaüd verdiyi məlum olub.
Məlumata görə, məşhur sənətçinin təqaüd verdiyi 63 tələbədən 50-nin Konakın doğulduğu qəsəbədə atalarını itirmiş uşaqlar olduğu öyrənilib.
Digər 13 tələbə isə Türkiyənin hər yerindən maddi cəhətdən imkansız olan gənclərdir.
Dəfələrlə çıxışlarında “Mən onların atası ola bilmərəm, amma onların qardaşı, dayısı ola bilərəm”, - deyən sənətçi bir daha əməli ilə diqqət çəkib.
Xatırladaq ki, Volkan Konak martın 31-də 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.
Gülayə Mecid